MİNERAL GÜBRƏLƏR
Tərkibində bitkilər üçün lazım olan element saxlayan və torpağa verildikdə məhsuldarlığı artıran duzlara mineral gübrələr deyilir. Bitkilərin tərkibində 60-a qədər kimyəvi elementə rast gəlinir. Onların normal inkişafı oksigen, karbon, hidrogen, azot, fosfor, kalium, maqnezium, kükürd, kalsium, dəmir və s. elementlərdən asılıdır. Bu elementlərin ehtiyatı isə hava və torpaqda cəmləşmişdir. Havadan bitkilər fotosintez üçün lazım olan karbon qazını, torpaqdan isə suyu ve mineral maddələri götürür. Mineral komponent olaraq azot, fosfor və kalium bitkilər üçün həyat elementi hesab edilir.
Mineral gübrələr aqrokimyəvi əhəmiyyətinə, tərkibinə (qida elementinə görə), fiziki-kimyəvi xassələrinə (əsasən torpaqda su ilə həll olmaları), torpaqda fizioloji fəaliyyətinə, alınma üsuluna və s. görə təsnif olunurlar. Aqrokimyəvi əhəmiyyətinə görə mineral gübrələr birbaşa və dolayı olmaqla iki yerə bölünür. Birbaşa gübrələr elə mineral gübrələrə deyilir ki, bitki lazım olan elementi birləşmə şəklində birbaşa mənimsəsin. Dolayı gübrələr torpaqda artıq mövcud olan qida maddələrinin səfərbərliyinə xidmət edir. Məsələn, üyüdülmüş əhəng, yaxud dolomit torpağın turşuluğunu aşağı salır. Gips istifadəsi isə torpağın şoranlıq xassələri yaxşılaşdırır və s. Birbaşa mineral gübrələr qida elemetlərinə görə fosforlu, azotlu, kaliumlu, maqneziumlu və s. qruplara bölünür. Qida elementlərinin miqdarına görə isə mineral gübrələr sadə (tərkibə bir qida elementi daxildir) və kompleks (tərkibə iki və daha çox qida elementi daxildir) olmaqla iki yerə ayrılır.